Dünyaca məşhur oyuncaq şirkəti LEGO Avropada dördüncü istehsal zavodunu Portuqaliyada qurmağı planlaşdırır. Danimarka şirkəti yeni layihənin həyata keçirilməsinə 1 milyard avro sərmayə qoyacaq.
Zavod Portuqaliyanın Estarreja şəhərində tikiləcək. Tikinti işlərinə gələn il başlanması, istehsalat kompleksinin isə 2030-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.Layihə çərçivəsində mindən çox insanı işlə təmin edəcək müasir avtomatlaşdırılmış texnologiyalarla təchiz edilmiş müəssisə yaradılacaq.
Yeni istehsal kompleksi 60 hektar ərazini tutacaq. Qapalı istehsal və digər obyektlərin ümumi sahəsi 115 min kvadratmetr olacaq. Müəssisədə istehsal olunan oyuncaqlar Avropa, Yaxın Şərq və Afrika ölkələrinin bazarlarına çıxarılacaq.
Hazırda LEGO istehsal müəssisələri Avropada Danimarka, Macarıstan və Çexiyada fəaliyyət göstərir. Portuqaliyada tikiləcək yeni zavod şirkətin regionda istehsal gücünü daha da artıracaq.
Ayrı-ayrı hissələrdən yığılmış LEGO konstruksiya dəstləri müxtəlif yaşlarda olan uşaqlar arasında çox populyardır və yaradıcılıq və dizayn bacarıqlarının inkişafına töhfə verir.





