Lebap Vilayəti Mülki Müdafiə və Xilasetmə İşləri İdarəsi tərəfindən təbii fəlakətlər zamanı əhaliyə yardımın göstərilməsi və vətəndaşların fövqəladə hallara hazırlığının artırılması məsələlərinə həsr olunmuş təlim-seminar keçirilib.
Tədbirdə beynəlxalq ekspertlərlə yanaşı, Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ətraf Mühitin Mühafizəsi Nazirliyinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Təlim-seminarda təbii fəlakətlər və digər fövqəladə hallar zamanı əhalinin vaxtında məlumatlandırılması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, o cümlədən onlarda belə şəraitdə düzgün davranış vərdişlərinin formalaşdırılması məsələlərinə baxılıb. İştirakçılar fikir mübadiləsi aparıb, bu sahədə təcrübələrini bölüşüblər.
Türkmənistan Milli Qızıl Aypara Cəmiyyətinin və Vilayətin Mülki Müdafiə və Xilasetmə İşləri Departamentinin nümayəndələri müxtəlif təbii və sosial hadisələrdə zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üsulları, eləcə də zəruri tədbirlərin ardıcıllığı barədə ətraflı danışıblar.
Seminar zamanı keçirilən sual-cavab sessiyaları, eləcə də nümayiş etdirilən maarifləndirici videoçarxlar iştirakçıların biliklərinin genişləndirilməsinə və praktiki bacarıqlarının təkmilləşdirilməsinə öz töhfəsini verib.
Belə təlim seminarları əhalinin fövqəladə hallara hazırlığının yüksəldilməsi, xilasetmə əməliyyatlarının səmərəliliyinin təmin edilməsi və cəmiyyətdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.







